“Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tamhüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik”, – deyən Ulu Öndər bu sözləri işində də təsdiq edirdi.
Bəli, əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunda bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verilir. Elə bunun məntiqi nəticəsidir ki, beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi xarici siyasətimizin prioritet istiqamətlərdən biridir.
Yanvarın 25-də Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunmasından 19 il ötür. Keçən bu dövr ərzində ulu öndər Heydər Əliyevin də dediyi kimi Azərbaycan tərəfi öz üzərinə düşən bütün vəzifə və öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Bəs bu gün özünü “ədalət çarçısı” kimi təqdim edən Avropa Şurası fəaliyyətində Azərbaycana qarşı tutduğu mövqedə və göstərdiyi münasibətdə nə dərəcədə adekvat davranır? Bax bu sualın cavabı şübhəli, hətta deyərdim acınacaqlıdır…
Uzun müddətdir ki, AŞ PA Azərbaycan haqqında absurd bəyanatlar səsləndirir, əsassız ittihamlarla çıxış edir, eyni zamanda ölkəmizə qarşı ikili standartlar mexanizmini tez-tez işə salır. Elə bu səbəbdəndir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Prezident İlham Əliyev də haqlı olaraq artıq bu təşkilata olan ümidlərimizin çoxdan sarsıldığını söylədi.
“Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir.”, – deyə Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışında haqlı olaraq Avropa Şurasını sərt tənqid etmişdir.
Bəli, cənab Prezidentin də səsləndirdiyi kimi Avropa Şurası Parlament Assambleyası “Azərbaycanda siyasi məhbuslar” adlı qərəzli qətnaməni və AŞ Nazirlər Komitəsinə tövsiyəni səs çoxluğu ilə qəbul etməsinin kökündə heç şübhəsiz ki, əvvəlcədən planlaşdırılan ermənipərəst deputatların üstünlük təşkil etdiyini və AŞ PA-nın bu dəfə də Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirməsi bizdə şübhə doğurmadı. Hətta inkişaf etmiş ölkələrdə siyasi gərginlik, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, kütləvi etiraz aksiyalarının baş verməsinə baxmayaraq, Azərbaycanda bu gün inkişaf, sabitlik hökm sürür, demokratik dəyərlərə mütənasib olaraq müsbət dəyişikliklər baş verir. Bütün bunları gözü götürməyən qüvvələr də elə insan hüquqları, demokratiya və siyasi məhbuslar kimi alətlərdən istifadə edərək ölkədə gedən demokratik proseslərə və təqdirəlayiq dəyişikliklərə kölgə salmaq istəyirlər.
Gəlin Azərbaycana qarşı ikili standartlar və məkirli siyasət yürüdən AŞ PA-nın Azərbaycana və Ermənistana fərqli münasibət bəsləməsi fonunda bu iki ölkəni sadəcə bircə cəhətdən müqayisə edək. Bu gün Ermənistanın keçmiş prezidentləri indiki iqtidarın fəaliyyətini tənqid etməsi nəticəsində həbsə atılırlarsa, demokratik dəyərlərə ən ali səviyyədə xidmət edən Azərbaycanda eks-prezidentlərə qarşı bu qədər nifrət və zalım münasibət yoxdur. Hətta ən yüksək insani dəyərlər çərçivəsində eks-prezidentlərin özlərinə və ailə üzvlərinə hörmət, diqqət və qayğı mövcuddur. Bunun üçünsə bircə faktı söyləmək kifayətdir. Azərbaycanın eks-prezidentlərindən olan Əbülfəz Elçibəyin həyat yoldaşının yas mərasim xərclərinin ölkənin Birinci vitse-prezidenti tərəfindən qarşılanması. Və yaxud da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən fondun eks-prezident Ayaz Mütəllibovun həyat yoldaşının yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürməsi. “Hansı ölkədə demokratik dəyərlərə, insani keyfiyyətlərə önəm verilir, rəğbət olunur? sualını gəlin açıq qoyaq. Açıq qoyaq ki, azacıq da olsa vicdan sahibidirlərsə düzgün cavabı özləri tapsınlar…
Başqa bir fakt: bu gün Ermənistanda olan mövcud iqtidara alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır. Azərbaycanda isə hər sahədə demokratik cəmiyyətin mövcudluğunun şahidi oluruq. Elə bunun məntiqi izahıdır ki, ölkəmizdə 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə müxtəlif siyasi partiyalar fəal şəkildə qatılıblar, öz namizədlərini irəli sürüblər. Heç bir təzyiq altında qalmadan bütün partiyalar və namizədləri fəal şəkildə təbliğat-təşviqat kampaniyalarını aparır, eyni zamanda onlar üçün yaradılmış demokratik və ədalətli şəraitdən razılıqlarını ifadə edirlər. Çünki növbədənkənar parlament seçkilərində də hər bir namizədə bərabər hüquq və imkanlar yaradılmışdır.
Bundan əlavə, ölkə başçısı öz nitqində Avropa Şurasının ikili standartlarını konkret faktlarla ortaya qoyub. Cənab Prezidentin bu fikirlərinin məntiqi davamı və təsdiqi kimi daha bir neçə faktı da vurğulamaq yerinə düşər. Azərbaycanı daim hədəf seçən bu qurum guya Azərbaycanda jurnalistlərə, mətbuat işçilərinə təzyiq mövcuddur, hətta guya mövcud hakimiyyət jurnalistləri evlə təmin etməklə, onları ələ alır və mətbuatı idarə edir kimi absurd fikirlər səsləndirirlər. Bəs o zaman AŞ PA nəyə görə Ermənistanda mətbuat sahəsində buraxılan ciddi nöqsanları dilə gətirmək, onlar barəsində ölçü götürmək əvəzinə daim səssiz qalır? Elə bu barədə də bircə faktı demək kifayətdir. “Erməni qartalları: “Vahid Ermənistan” Partiyasının sədr müavini və “Haynews.am” saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb. Bəs Avropa Şurası və AŞ PA buna niyə reaksiya verməyib? Məgər aclıq aksiyası və bunun nəticəsində ölüm hadisəsi susula biləcək işdir?
Bu gün nəinki Ermənistan iqtidarı ilə xalq arasında uçurum, eyni zamanda ölkənin rəsmi şəxslərinin bu və ya digər məsələ barədə fikir ayrılıqlarının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksi tendensiya müşahidə olunur. Bu gün xalq ölkə başçısı cənab Prezident İlham Əliyevə inanır və onun yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir. Azərbaycanda gözlə görünən dərəcədə xalq-iqtidar birliyi mövcuddur. Lakin AŞ PA bütün bu müsbət halları nədənsə görə bilmir…
Başqa bir faktı elə çox uzağa getmədən Gürcüstanın timsalında göstərmək olar. Adı çəkilən ölkədə sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb. Bəs necə olub ki, bütün bu faktları da AŞ Pa görməzdən gəlib? Hələ ötən ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezidenti Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb. Bəs bu hadisə baş verərkən Avropa Şurası harada idi, niyə bu məsələ barədə heç bir qətnamə qəbul etməyib?
Azərbaycana göstərilən qərəzli mövqe və məkirli siyasət fonunda niyə digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur? Azərbaycana gəldikdə isə əlində bayraq etmək üçün haqsız olaraq nələrəsə “ilişirlər.”
Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Olmaya Avropa Şurası bunları demokratiya nümunəsi hesab edir?
Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dövlət başçısı çıxışında onu da bildirdi ki, bu gün Azərbaycan və Türkiyə arasında Avropa strukturlarında fəal əməkdaşlıq mövcuddur. Məhz bu amil də Qərb parlamentarilərinin əsassız ittihamlarının qarşısının alınmasında müstəsna rol oynayır. Bundan əlavə AŞ PA rəhbərliyinin qərəzli siyasətinə etiraz edən parlament üzvləri birliyi yaranır.
Sadalanan faktlara, habelə ikili standartlar, qərəz, riyakarlıq, təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan AŞ PA-nın qərarlarına heç bir əhəmiyyət vermir. Göründüyü kimi, Avropa Şurasının qərəzli mövqeyinə baxmayaraq, bu gün Azərbaycan heç bir dövlətin diqtəsi altında qalmadan, müstəqil xarici siyasət yürüdən bir ölkədir. Bu səbəbdəndir ki, Azərbaycan AŞ PA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir dırnaqarası tələbi icra etmək niyyətində də deyil.
Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gündən-günə artır. Bizə bunu Azərbaycanın təkcə son illərdə uğurla həyata keçirdiyi regional və beynəlxalq layihələrdə iştirakı, hətta bəzi layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüskar ölkə kimi çıxış etməsi, beynəlxalq aləmdə ciddi dəstəyi olan müstəqil bir dövlət kimi tanınması kimi faktlar deməyə əsas verir. Bu gün rəsmi Bakının təmsil olunduğu yeganə qurum AŞ PA deyil, ölkəmiz bir çox mötəbər qurumlarda təmsil olunur və bu cür mənfi amallara xidmət edən bir qurumu istənilən vaxt tərk edə bilər. Azərbaycan müstəqi dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq.
Şəbnəm HƏSƏNOVA
Politoloq